Gilan Holding ənənəvi olaraq "WorldFood Azerbaijan 2017” - ilin ən “dadlı” sərgisində iştirak etdi!

May ayının 17-dən 19-dək Azərbaycanın ən böyük sərgi kompleksi olan Bakı Ekspo mərkəzində ənənəvi olaraq Gilan Holdinq öz 90m² stendi ilə uğurla iştirak etdi.
Sərginin iştirakçıları və çoxsaylı qonaqları bu stenddə artıq çox məşhur olan və hər bir evdə sevilən “Jalə”, “Milla”, “Bağdan”, “Золотой Сад” brendlərinin məhsulları ilə yanaşı, holdinqin yeni məhsulları olan "X-sport" izotonik içkisi və "Aquastyle" sərinləşdirici suyu ilə yaxından tanış ola bildilər. Həmçinin "Chipsim" brendi altında Gilan FMCG group tərəfindən istehsal olunan çipslər əsasən xarici qonaqlar və potensial importyorlar arasında xüsusi maraq yaratmışdır.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində 23-cü dəfə keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2017 sərgisi 17 may tarixində öz işinə başladı. “WorldFood Azerbaijan” sərgisi ilə paralel olaraq Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgiləri keçirilir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
Sərgilərin birinci günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgiləri ilə tanış olublar.

"WorldFood Azerbaijan 2017” sərgisinin iştirakçıları aşağıdakı sektorlar üzrə öz məhsullarını təklif etdilər: qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

Bu il ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma – vorkşop təşkil etdilər. Vorkşop iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribyutorlardır. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə etdilər.

“WorldFood Azerbaijan 2017” sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Macarıstan, Şri-Lanka və Belarus Respublikası sərgidə milli stendlərlə çıxış etdi. Stavropol diyarı (Rusiya) tədbirdə regional stendlə iştirak etdi.